“MosBuild 2021” sərgisində Rusiya və region ölkələrinin şirkətləri Azərbaycan məhsullarına maraq göstərir

2021.03.31 18:25 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan şirkətləri Moskvada keçirilən “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində “Made in Azerbaijan” adlı stendlə təmsil olunur.

Sərgidə Azərbaycanın 10-dan çox şirkəti öz məhsullarını nümayiş etdirir.

Azərbaycan şirkətləri sərgidə plastik, dəmir, keramika, boya və digər inşaat materialları təklif edir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın təşviqi departamentinin direktor müavini Tural Hacılı Azərbaycan şirkətlərinin sərgidə yeni tərəfdaşlarla müqavilələr bağlayacaqlarına ümid bəslədiklərini bildirib. “MosBuild 2021” sərgisində təkcə Rusiyadan deyil, region ölkələrindən olan şirkətlər Azərbaycan məhsullarına maraq göstərir.
Qeyd edək ki, builki “MosBuild” sərgisində 40 ölkədən 1200-dək şirkət iştirak edir. Sərgi aprelin 2-dək davam edəcək.