Avropa Parlamenti maliyyə polisi yaratmağı təklif edib

2019.03.01 19:23 (UTC+04:00)

Avropa Parlamentinin Xüsusi Komitəsi Avropa İttifaqında maliyyə cinayətlərinin araşdırılması vəzifəsini yerinə yetirmək üçün ayrıca bir polis orqanı yaratmaq təklifini irəli sürüb. Komissiyanın müxtəlif vergi qalmaqalları nəticəsində maliyyə cinayətlərinin araşdırılması məqsədilə yaratdığı Xüsusi Komitənin Brüsseldə yığıncağı keçirilib. Maliyyə və vergi cinayətlərinə qarşı görüləcək tədbirləri əhatə edən hesabat komitə üzvləri tərəfindən əksər səs çoxluğu ilə qəbul edilib. Hesabatda maliyyə cinayətlərini araşdırmaq üçün xüsusi bir polis orqanı yaradılması və çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədi daşıyan bir audit orqanının təsis edilməsi təklifi irəli sürülüb.

Avropa Şurasına üzv ölkələrin vergidən yayınma və maliyyə cinayətləri ilə bağlı qəbul edilmiş qanunlara kifayət qədər əhəmiyyət verilmədiyinin vurğulandığı hesabatda Belçika, Hollandiya, Cənubi Kipr, Macarıstan, İrlandiya, Lüksemburq və Maltanın "vergi cənnəti" xüsusiyyətlərinə malik olduqları bildirilib. Hesabatda üzv ölkələrin qoyulan sərmayənin qarşılığında vətəndaşlıq və ya yaşamaq icazəsi verdikləri "Qızıl viza" proqramının müxtəlif problemlərə səbəb olduğu və buna son qoyulmasının zəruriliyi də qeyd edilib.