Ləğv edilmiş 4 bankın əmanətçilərinə 632 milyon manatdan çox kompensasiya ödənilib

2021.03.31 14:28 (UTC+04:00)

Martın 30-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 556 əmanətçiyə 632,26 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan martın 30-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 248,1 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4716 əmanətçiyə 116,3 milyon manat, "NBC Bank" üzrə isə 4224 əmanətçiyə 131,8 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən martın 30-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 384,16 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5821 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 140,26 milyon manat, "Ata Bank" üzrə 9795 əmanətçiyə isə 243,89 milyon manat təşkil edib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.

Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu ötən il iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

ADIF bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırır ki, vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı bütün lazımi tədbirlər görülür.