DAİB Azərbaycan bazarının təhlilini açıqlayıb

2021.03.30 18:14 (UTC+04:00)

Türkiyəninin Doğu Anadolu İxracatçılar Birliyi (DAİB) Azərbaycan iqtisadiyyatının inkişafı ilə əlaqədar “Azərbaycan hədəf bazar təhlili”nin nəticələrini açıqlayıb.

“İhlas” agentliyinin məlumatında bildirilir ki, DAİB-in açıqlamasına görə, xarici iqtisadi əlaqələrin ən mühüm hissəsini təşkil edən xarici ticarət siyasəti sahəsində regional bazarda davamlı şəkildə qala bilmək, ölkələrin region ölkələrinə yönəlik ticarət siyasətləri hazırlaması və qonşu ölkələri əsas götürən xarici ticarət strategiyası yürütməsi sayəsində mümkün ola bilər. DAİB tərəfindən “Azərbaycan hədəf bazar-məhsul analizi” bu məqsədlə aparılıb.

DAİB idarə heyətinin rəhbəri Ethem Tanrıver deyib: “Yaxın qonşumuz Azərbaycanda mövqeyinə və inkişaf potensialına malik böyüyən bir bazar var... Azərbaycan yeni bazar axtaran ixracatçılar üçün çox uyğun bir ölkədir. Xaricə açılmaq istəyən, yaxın bazarda sərmayə qoymaq niyyətində olan firmalarımız üçün Azərbaycan xeyli uyğun bazardır. Bu səbəbdən Azərbaycan regionda iş adamlarımız üçün böyük üstünlüklər yaradacaqdır. Ona görə də həyata keçirdiyimiz bu çalışmanın həm ölkəmiz, həm də regionun digər ölkələri üçün mühüm əhəmiyyət daşıdığını düşünürük”.

Çalışma çərçivəsində 2015-2020-ci illər arasında Azərbaycana ixracat əməliyyatları, Azərbaycanda üstün tutulan Türkiyə məhsulları, Azərbaycana ediləcək ixracatın artırılması, yeni ixracat sahələrinin yaradılması məqsədilə müəyyənləşdirilmiş potensial sektorlarda yer alan hədəf məhsullar üzrə təhlillər aparılıb. Müvafiq məhsul qruplarında Azərbaycana Türkiyədən idxal, Türkiyənin dünyaya ixracı və ixracatın ölkələr üzrə bölgüsü, Azərbaycanda vergilərin səviyyəsi, Azərbaycandakı idxalçı firmalar, məhsulların qiymətinə görə rəqabət imkanları, Azərbaycanda müvafiq sektorların inkişaf səviyyəsi və tempi mövzularında təhlillər əsasında proqnozlar irəli sürülüb.

DAİB idarə heyətinin sədri qeyd edib ki, ölkələrimiz arasında son illərdə iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində istəklilik, iki ölkənin mədəni bənzərlikləri, daşıma qiymətlərinin ucuz olması kimi ünsürlər bölgədəki iş adamları üçün mühüm üstünlüklər yaratmaqdadır.