Müsahibimiz İrlandiyanın Gəlirlər İdarəsinin iri vergi ödəyiciləri ilə iş üzrə məsul əməkdaşı xanım Karmel Forçundur.
- Xanım Forçun, Azərbaycanla İrlandiya arasında iqtisadi əlaqələri necə dəyərləndirirsiniz?
- Azərbaycan da, İrlandiya da inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdəndir. Hər iki ölkənin paytaxtında – həm Dublində, həm də Bakıda geniş miqyasda modern üslubda tikililər var. Bu onu göstərir ki, ölkələrimizin iqtisadiyyatı inkişaf edir, infrastruktur genişləndirilir. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, Azərbaycan daha çox neft-qaz sənayesi ilə inkişaf edib, İrlandiyada isə, əsasən maliyyə institutları, ticarət və tikinti sahələri inkişaf edib və əsas gəlir mənbələri də bu sahələrdəndir.
- Ölkənizdə vergi inzibatçılığının təkmilləşdirilməsi, modernləşmə istiqamətində həyata keçirilən hansı son layihələri qeyd edə bilərsiniz?
- 2019-cu ilin yanvarın 1-dən İrlandiyada PAYE modernizasiya rejimi (Pay As You Earn (PAYE) Modernisation for employees) tətbiq olunmağa başlayıb. Bu layihəyə əsasən, işəgötürənlər öz işçilərinin əməkhaqlarını və digər ödənişlərlə bağlı məlumatları doldurub İrlandiyanın Gəlirlər İdarəsinə göndərirlər. Bununla da Gəlirlər İdarəsi bəyannamələri əldə etməzdən və hətta işçilərin əməkhaqları onların hesabına oturmazdan əvvəl həmin işçilərin gəlirləri haqqında məlumat əldə edə bilir. Xüsusi sənəd forması doldurulub vergi administrasiyasına göndərilir ki, bu da öz müsbət nəticələrini göstərir.
- Sizcə, könüllü vergi əməletməsi üzrə təlimlərə hansı yaşdan başlamaq lazımdır?
- İrlandiyada məktəblərdə vergi təlimi keçirilmir. Yalnız işə daxil olan zaman vergi ödəməklə bağlı hansısa məlumatı əldə edirlər. Hesab edirəm ki,vergilər barədə maarifləndirmə nə qədər erkən yaşlardan başlasa, bir o qədər yaxşıdır. Bu, nümunəvi vergi ödəyicilərinin yetişdirilməsinə, maarifləndirilməsinə, vergi qanunvericiliyinə əməl edilməsinə gətirib çıxaracaqdır.
- Vergitutma sisteminin idarə olunmasında və vergidən yayınma hallarının qarşısının alınmasında nə kimi üsullardan istifadə edirsiniz?
- Ölkəmizdə vergi qanunvericiliyinə əməl etməyən vergi ödəyicilərinin siyahısı hazırlanır və dərc olunur. Siyahıda təkcə ad və soyad deyil, onların vergi borcu da qeyd edilir. Bizim fikrimizcə, bu siyahı o nöqteyi-nəzərdən məhsuldardır ki, kimsə həmin vergi ödəyicisi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədikdə, onun adını burada görüb fikrindən daşına bilər. Həmin siyahıya düşməmək üçün hamı nümunəvi vergi ödəyicisi olmağa can atır.
- Azərbaycana gəlişinizdən məmnunsunuzmu?
- İlk dəfədir burdayam. Xəzər dənizi, gözəl iqlim, təbiət, ölkənizin milli-mədəni irsi və bu irsə insanların böyük sevgisi məni məmnun etdi. İncəsənət nümunələrinə heyran qaldım. İnsanların istiqanlılığı, yardımsevərliyi də məndə çox böyük təəssüratlar formalaşdırıb. Sakinlərin turistlərə yanaşma tərzi, ünvanı soruşarkən aldığım cavablar, gördüyüm münasibət insanlarınız haqqında gözəl hisslər yaradır. Mən təkrar-təkrar Azərbaycana, Bakıya qonaq gəlmək arzusundayam...
Fəxriyyə İKRAMQIZI