“Eurasia Review” nəşrində “Azərbaycan azad edilmiş əraziləri yüksək texnoloji əraziyə çevirməyi hədəfləyir” sərlövhəli məqalə dərc edilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, müəllifi mərkəzin aparıcı məsləhətçisi Orxan Bağırov olan məqalədə əsas diqqət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa layihələrinə yönəldilib və bu layihələr çərçivəsində texnoloji yeniliklərin tətbiqinə üstünlük veriləcəyi vurğulanıb.
Müəllif ilk olaraq azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat layihələri haqqında məlumat verib. Bildirib ki, bu çərçivədə Tərtər şəhərindən Talış və Suqovuşan kəndlərinə çəkilən avtomobil yolları, Əhmədbəyli-Füzuli-Şuşa və Toğanalı-Kəlbəcər magistralları, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil yolu, Horadiz-Füzuli-Şuşa dəmiryolu, Bərdə-Ağdam dəmiryolu, Horadiz-Ağbənd dəmiryolu layihələri həyata keçirilməkdədir. Sonra nəşrin oxucuları Füzuli Beynəlxalq Hava Limanının tikintisi haqqında məlumatlandırılıb və bu aeroportun turizmin inkişafında böyük rol oynayacağı vurğulanıb. Bundan əlavə, Laçın və Zəngilanda daha iki hava limanının tikintisinin planlaşdırıldığı qeyd edilib.
Diqqətə çatdırılıb ki, nəqliyyat layihələri ilə yanaşı, azad edilmiş ərazilərin enerji təhlükəsizliyinin təminatı ilə bağlı da layihələr reallaşdırılır. Azərbaycanın əsas məqsədi azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevirməkdir. Bunun üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparılır. Bununla yanaşı, icrasına başlanılmış digər enerji layihələri haqqında da məlumat verilib.
Məqalədə, eyni zamanda, texnoloji yeniliklərin şəhərsalma prosesində də tətbiq ediləcəyi vurğulanıb. Bunun üçün şəhərlərin və kəndlərin yenidən qurulmasında “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarından istifadə ediləcəyi və ilk “ağıllı kənd”in Zəngilan rayonunun Ağalı kəndinin olacağı diqqətə çatdırılıb.
Sonda qeyd edilib ki, həyata keçirilən layihələr vasitəsilə Azərbaycan azad edilmiş torpaqları regionun ən inkişaf etmiş bölgələrindən birinə çevirəcək. “Yaşıl enerji” zonasının və “ağıllı kənd”lərin yaradılması davamlı iqtisadi inkişafın əldə edilməsinə, nəqliyyat layihələrinin inkişafı isə turizm potensialından tam istifadəyə imkan yaradacaq. İqtisadi inkişaf isə öz növbəsində davamlı sülhün formalaşmasına və Azərbaycan ilə Ermənistan arasında imzalanmış 10 noyabr razılaşması çərçivəsində barışığın əldə edilməsi perspektivlərinin yaranmasına gətirib çıxaracaq.