Aİ İngiltərəni Cəbbəltariqdəki vergi güzəştləri ilə əlaqədar məhkəməyə verib

2021.03.30 13:55 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Komissiyası İngiltərənin ofşor ərazisi olan Cəbbəltariqdə şirkətlərə verilən vergi güzəştlərindən yaranmış təxminən 100 milyon avro məbləğində vəsaiti yığmadığına görə məhkəməyə verdiyi və Avropa Ədalət Divanında məhkəmə prosesinin başlandığı barədə açıqlama yayıb.

Aİ Komissiyasının açıqlamasında korporativ vergi güzəştlərinin İngiltərənin Aİ üzvü olduğu 2011-2013-cü illəri əhatə etdiyi bildirilir. Aİ Komissiyası İngiltərənin bu hərəkətini 2018-ci ildə biznesə dövlət dəstəyi qaydalarına zidd hesab edərək həmin məbləğin şirkətlərdən yığılması barədə qərar verib.

Açıqlamada bildirilir ki, 2019-cu ildə Cəbbəltariqin aidiyyəti orqanlarına qərar haqqında məlumat verilmiş, vergilərin yığılmasının sürətləndirilməsi barədə xəbərdarlıq edilmişdir. Bununla belə, aradan iki il keçdiyinə baxmayaraq, vergilərin cüzi bir hissəsi yığılmış və buna görə hüquqi prosesin başlanılmasına ehtiyac yaranmışdır.

Qeyd edək ki, Aİ üzvü olan ölkələrin dövlət dəstəklərini nə şəkildə təmin edəcəklərini müəyyənləşdirmək səlahiyyəti Aİ Komissiyasına aiddir. Aİ ölkələri dövlət dəstəyi və vergi güzəştlərini yalnız rəqabətə ziyan vurmayacaq şəkildə və dövlət mənfəətinə uyğun vəziyyətlərdə tətbiq edə bilərlər.