İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, o cümlədən vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasının daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İnformasiya texnologiyaları sahəsində həyata keçirilən əməliyyatların səmərəliliyinin artırılması, vahid prinsip və standartların işlənib hazırlanması, DVX-nin strukturları arasında rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsi, bu sahədə təhlükəsizliyin və faziləsiz iş fəaliyyətinin ən yüksək səviyyədə təmin edilməsi işinin təşkili məqsədilə Xidmətin Rəqəmsal Transformasiya Şurası yaradılıb. DVX rəisinin müvafiq əmrləri ilə Rəqəmsal Transformasiya Şurasının tərkibi və əsasnaməsi təsdiq edilib.
Əsasnamə ilə Şuranın məqsəd və fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, tərkibi və qərar qəbuletmə səlahiyyətləri, hesabatlılığı, həmçinin iş reqlamenti müəyyən olunub. Şuranın fəaliyyətinin əsas məqsədi DVX-nin vergi siyasəti və strateji məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyətinin effektivliyinin, standartlaşmasının, təhlükəsizliyinin və fasiləsizliyinin yüksək səviyyədə təmin olunması üçün rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsi işini təşkil etmək, həmçinin elektron xidmətlərin istifadəçiləri ilə qarşılıqlı fəaliyyətinin effektivliyini təmin etməkdir.
Şuranın əsas fəaliyyət istiqamətləri DVX-nin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyası, vahid standartların hazırlanması və həyata keçirilməsi, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sisteminin (business intelligence) yaradılması və DVX-nin strukturları arasında informasiya mübadiləsi və rəqəmsallaşma üzrə qarşılıqlı fəaliyyəti optimallaşdırmaqdan ibarətdir.
Dövlət Vergi Xidmətinin Rəqəmsal Transformasiya Şurasının sədri vəzifəsini DVX rəisinin müşaviri Sərxan Həşimov icra edəcək. Şuranın üzvləri isə İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Natiq Şirinov, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin rəis müavini Fuad Aslanov, habelə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Baş idarənin rəisinin 1-ci müavini Emil Qarayevdir.