Balakəndə yeni meyvə emalı zavodu yaradılır

2021.03.19 13:40 (UTC+04:00)

Azərbaycanda kənd təsərrüfatının rentabelli sahələrindən biri meyvəçilikdir. Bu sahədə yeni texnologiyalardan istifadə etməklə meyvə istehsalının artırılması, məhsulların yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan meyvə emalı müəssisələrinin yaradılmasıdır.

Belə müəssisələrdən biri də “BalaCans” MMC-nin Balakəndə tikilən meyvə emalı zavodudur. Hazırda müəssisədə son tamamlama işləri aparılır.

İldə 1,5 mln. litr meyvə şirəsi istehsal etmək gücündə olan zavodda 80 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 16,1 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 mln. manat güzəştli kredit verilib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.