Bu gündən Azərbaycanda minimum əməkhaqqı 180 manat olur

2019.03.01 15:37 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqının artımı 600 min insanı əhatə edib. Beləliklə, dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olub. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən 2019-cu ilin 10 ayı ərzində isə 335 milyon manat əlavə vəsait ayrılacağı bildirilib.

Artıq bu gündən əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını əhatə edəcək. Onlardan 140 min nəfəri əlilliyə görə pensiya alan vətəndaşlardır. 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında isə 16 faiz artım olub. Həmin vəsaitlərin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan 2019-cu ilin 10 ayı üzrə 41 milyon manat vəsait yönəldiləcək.

Xatırladaq ki, pensiya və minimum əməkhaqqının artırılması Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən həyata keçirilir.