Hesablama Palatası yeni Strateji Plan hazırlayıb

2021.03.19 14:03 (UTC+04:00)

Palatanın 2018-2020-ci illəri əhatə edən Strateji İnkişaf Planı başa çatıb. Yeni Strateji Plan əvvəlkindən fərqli olaraq 5 illik müddəti əhatə edir və Palatanın fəaliyyətinin yeni qanuna və müasir çağırışlara uygun olaraq qurulmasında əsas yol xəritəsi vəzifəsini yerinə yetirəcək: “Strateji Plan üzrə ən əsas fəaliyyət istiqamətləri yeni növ təkmil audit tədbirlərinin əhatə dairəsinin, həmçinin dövlət maliyyəsinin hesabtlılığının və fiskal məsuliyyətin gücləndirilməsi, Hesablama Palatasının Milli Məclisə təqdim edilən rəylərində təklif və tövsiyələrin keyfiyyətinin, dövlət proqramlarının auditi üzrə işin gücləndirilməsi, eləcə də hökumətlə mütəmadi görüşlərdə təcrübə mübadiləsi aparmaq olacaq”.

2018-2020-ci illər üzrə Strateji İnkisaf Planına uyğun olaraq audit prosesində yeni nəsil texnologiyaları mənimsəmiş gənc mütəxəssisləri işə cəlb etməklə peşəkar kadr potensialının yaradılmasına nail olunub. “Hesablama Palatasının yeni Strateji Planının hədəflərindən biri də müasir zamanın tələbi olan rəqəmsallaşma və informasiya texnologiyalarından istifadənin genişləndirilməsi məqsədilə IT auditin tətbiqini, proqram təminatının təkmilləşdirilməsini genişləndirməkdir. 2021-ci ilin büdcəsi ilk dəfə olaraq Azərbaycanın “Ortamüddətli xərclər çərçivəsi” əsasında tərtib edilib. Bunu nəzərə alaraq Palatada “Ortamüddətli xərclər çərçivəsi” və nəticə əsaslı büdcəyə nəzarət bölmələri, eləcə də səmərəlilik auditi üzrə şöbə yaradılıb.

Dövlət vəsaitləri üzərində nəzarətin gücləndirilməsi ilə bağlı dövlət basçısı konkret tapşırıqlar verib və bu tapşırıqlar tam şəkildə icra olunur. Ümumiyyətlə, dövlət vəsaitindən səmərəli istifadə, büdcə xərclərinin strukturunun təkmilləşdirilməsi, ünvanlılığı və şəffaflığının artırılması, vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində maliyyə nəzarətinin daha da yaxşılaşması istiqamətində iş aparılır.

Beynəlxalq standartların tətbiqi, bunun hüquqi və normativ bazasının davamlı olaraq təkmilləşdirilməsi və müntəzəm yenilənməsi də aktual məsələdir. Vətəndaşların mərkəzi və yerli icra hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətdə fəallığı, formalaşdırdığı ictimai rəy mənimsəmə hallarının və korrupsiyanın aradan qaldırılmasının zəruri şərtlərindəndir.