Sahibkarlıq subyektlərinin elektron reyestr bazası yaradılacaq

2019.03.01 14:41 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov "Kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsinin Nazirlər Kabinetinə təqdim edildiyini bildirib və qısa müddətdə layihənin Milli Məclisdə müzakirəsindən sonra qəbul olunacağına ümid etdiklərini vurğulayıb: "Qanunla bağlı təkliflərdə innovativ dəstəklə yanaşı, startaplara, o cümlədən biznes inkubatorlarının və onların statusunun müəyyənləşdirilməsi, mikro, kiçik və orta sahibkarlığa göstərilən dəstəklə bağlı istiqamətlər əksini tapıb. Yəqin ki, bu təkliflər qəbul edildikdən sonra həmin istiqamətlərdə tədbirlərə daha böyük önəm veriləcək. Sahibkarlıq subyektlərinin meyarları müəyyən edildikdən sonra onların dairəsini genişləndirmişik".

E.İbrahimov qeyd edib ki, dövlət satınalmaları ilə bağlı qanunvericilikdə dəyişiklik edilərək, 3 milyon dollar ekvivalentində olan satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərin iştirakı və həmin satınalmaların hamısının bu sektordan alınması nəzərdə tutulub. Artıq bununla bağlı mexanizmin işlənildiyini qeyd edən sədr müavini elektron satınalma portalının hazırlandığını və qısa müddətdə istifadəyə veriləcəyini bildirib. Agentlik rəsmisi KOB-ların dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə də dəyişikliklər edildiyini vurğulayıb: "Artıq mikro sahibkarlığa ünvanlı yönələn dəstəklər Məcəllədə əksini tapıb. Mikro sahibkarlar sadələşdirilmiş verginin ödəyiciləridir və bu verginin məbləği 4 faizdən 2 faizə endirilib. Gəlir vergisi ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin isə gəlirlərinin 75 faizi vergidən azad edilib".

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə innovasiya yönümlü startapların agentlikdən aldığı şəhadətnamə əsasında mikro və kiçik sahibkarlıq subyekti kimi fəaliyyətə başladıqdan sonra 3 il müddətində gəlir və mənfəət vergisindən azad olunub. E.İbrahimov bu dəyişikliklərə əsasən, Nazirlər Kabinetində meyarların hazırlandığını deyib: "Meyarların hazırlanması Vergilər Nazirliyinə tapşırılıb. Hazırda Vergilər Nazirliyi bu meyarları aidiyyəti dövlət orqanları ilə razılaşdırır. Yəqin ki, qısa müddətdə meyarlar təsdiq edildikdən sonra KOB Agentliyi şəhadətnamələrin verilməsinə başlayacaq. Startaplar qeydiyyatdan keçdikdən və şəhadətnamə aldıqdan sonra Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəştlərdən yararlana bilərlər".

Onu da deyək ki, KOB Agentliyindən şəhadətnamə alan sahibkarlıq subyektlərinin elektron reyestr bazası yaradılacaq və bu bazaya Vergilər Nazirliyinin girişi təmin ediləcək. Şəhadətnamə veriləndən sonra nazirlik bunu hansı sahibkarlıq subyektinin əldə etdiyini görə və güzəştlərlə bağlı müvafiq dəstək göstərə biləcək.