Qətərdə Azərbaycan Ticarət Evinin təsis edilməsi perspektivləri müzakirə olunub

2021.03.18 13:22 (UTC+04:00)

Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi və təşəbbüsü ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qətərin “Ali Bin Ali Holding”i arasında Qətərdə Azərbaycan Ticarət Evinin təsis edilməsi perspektivlərinin müzakirəsi məqsədilə videokonfrans formatında görüş təşkil olunub.

Səfirlikdən bildirilib ki, görüşdə tərəflər Azərbaycanda istehsal edilən yüksək keyfiyyətli məhsulların Qətər bazarına çıxarılmasının önəmini vurğulayıb. Qətərin ərzaq təhlükəsizliyinin təminində dost ölkə Azərbaycandan ixrac oluncaq məhsulların əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Videokonfransda çıxış edən AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və "Ali Bin Ali Holding”in vitse-prezidenti Nabil Xamas hər iki ölkənin maraqlarına xidmət edəcək Ticarət Evinin yaradılmasının Azərbaycan məhsullarının Qətər bazarında geniş şəkildə təşviq edilməsinə zəmin yaradacağını və nəticə etibarı ilə ticarət əlaqələrinin genişlənməsinə səbəb olacağını vurğulayıblar. Bu xüsusda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Ticarət Evinin fəaliyyətinin təmin edilməsi istiqamətində aparılan işlərin sürətləndirilməsini zəruri hesab ediblər.

Qətərdə Azərbaycan Ticarət Evinin yaradılmasının iqtisadi əlaqələrin genişlənməsi istiqamətində əhəmiyyətini vurğulayan Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov iş adamlarını bu imkandan yararlanmağa dəvət edib. Səfir, həmçinin Azərbaycan Prezidentinin tapşırığına əsasən, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, ölkəmizdə istehsal olunan məhsulların ixracının təşviqi və genişləndirilməsi, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılmasının iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına böyük təkan verəcəyini vurğulayıb.

Əməkdaşlığın inkişaf perspektivlərindən danışan R.İsmayılov ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırıb.