Problemli kreditlərlə bağlı fərman 800 mindən çox vətəndaşı əhatə edir

2019.03.01 12:27 (UTC+04:00)

Prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı fərmana əsasən, fiziki şəxslərın banklardan müqavilə əsasında götürdükləri xarici valyutada məbləği 10.000 ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

Fərmanı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəd 3 hissədən ibarətdir: "Birinci hissə daha çox 2015-ci il fevralın 21-də baş vermiş devalvasiyadan sonra məzənnə dəyişikliyi nəticəsində xarici valyutada olan kreditlərlə bağlı yaranan problemlərin həllinə həsr edilib. Məzənnə dəyişikliyi vətəndaşların ödəniş qabiliyyətində çətinliklər yaradıb. Cəmiyyətin bu çağırışını nəzərə alan dövlət başçısı problemin həlli ilə bağlı köklü bir yanaşmanı ortaya qoyub. Artıq 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər ABŞ dollarına görə 25 qəpik (0,15 ABŞ dolları), 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə hər ABŞ dollarına görə 60 qəpik (0,35 ABŞ dolları) kompensasiya ödənilməsi nəzərdə tutulub".

Milli valyutada 17.000 manatadək əsas kredit borcu olan fiziki şəxslərin
gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə
əvəzlənəcək və restrukturizasiya olunacaq

Qeyd olunub ki, ödəniş ilk növbədə fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5.000 ABŞ dollarının manat ekvivalentindən çox ola bilməz.

İcraçı direktor xüsusilə fərmanın sosial əhəmiyyətinə toxunub: "Fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox vətəndaş düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək. Məsələn, vətəndaş 2015-ci il fevralın 21-dək 10 min dollar kredit götürüb. Həmin vaxt 10 min dollar 7.800 manata bərabər idi. Fevralın 21-də baş verən məzənnə dəyişikliyindən sonra 10 min dollar 10.500 manata bərabər olub və arada 2.700 manat fərq yaranıb. İlk kompensasiya məbləği həmin fərqin aradan qaldırılması üçündür. Başqa sözlə, dövlət həmin kreditlərə görə yaranan fərqin 2.500 manatını vətəndaşa geri qaytaracaq. Fərmanın bu hissəsi banklara kredit borcu olan 450 min nəfər vətəndaşa şamil edilir. Fərmanın ikinci hissəsi isə 2015-ci il fevralın 22-dən dekabrın 21-dək götürülən kreditlərə aiddir. O zaman məzənnədə yaranan fərq 7.700 manat təşkil edib. Yəni devalvasiya nəticəsində kreditin manatla artan hissəsini dövlət kompensasiya edir. Bu da təxminən 400 min nəfəri əhatə edir".

V.Qasımlının sözlərinə görə, fərman həm də bank sektorunun maraqlarını nəzərə alıb: "10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Bunun üçün banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit veriləcək. Bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar veriləcək".