Yanvarda xarici ticarət dövriyyəsi 2,2 milyard dollar olub

2021.03.17 18:47 (UTC+04:00)

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar ayında xarici ticarət dövriyyəsi 2 milyard 242,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1 milyard 454,9 milyon dollar, idxalın dəyəri 787,5 milyon dollar təşkil edib, nəticədə 667,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,7 faiz, real ifadədə 10,1 faiz, o cümlədən idxal 12,3 faiz, ixrac isə 9,1 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 92,4 faizi İtaliya, Türkiyə, Çin, Rusiya, Ukrayna, İspaniya, Hindistan, Almaniya, Xorvatiya, ABŞ, Rumıniya, İsrail, Portuqaliya, İran, Gürcüstan, Birləşmiş Krallıq, Avstraliya, İsveçrə və Yaponiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 13,9 faizi Çinin, 11,5 faizi Almaniyanın, 5,7 faizi ABŞ-ın, 3,7 faizi Ukraynanın, 3,6 faizi İranın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İtaliyanın, 1,7 faizi Yaponiyanın, hər biri 1,5 faiz olmaqla Koreya, Polşa və Hindistanın, hər biri 1,3 faiz olmaqla Niderland və Fransanın, hər biri 1,2 faiz olmaqla Malayziya, Yamayka və Braziliyanın, 1,1 faizi Argentinanın, 1 faizi Belarusun, 12,5 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, az qiymətli metallar və onlardan hazırlanan məmulatların, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 67,8 faizini avtomobil, 18,4 faizini dəmir yolu, 11,8 faizini hava, 1,6 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,4 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 44,5 faizini İtaliyaya, 9,0 faizini Türkiyəyə, 8,5 faizini İspaniyaya, 7,1 faizini Ukraynaya, 6,7 faizini Hindistana, 6,6 faizini Çinə, 3,8 faizini Xorvatiyaya, 2,8 faizini Rusiyaya, 2,1 faizini Rumıniyaya, 1,9 faizini İsrailə, 1,8 faizini Portuqaliyaya, 1,4 faizini Gürcüstana, 1,3 faizini Avstraliyaya, 0,6 faizini İsveçrəyə, 0,4 faizini Tunisə, 0,2 faizini ABŞ-a, 1,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Bu ilin yanvarında ixracın 90,3 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 6,9 faizini avtomobil, 2 faizini dəmir yolu, 0,8 faizini hava nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.