KOBİA “British Council” ilə əməkdaşlıq imkanlarını müzakirə edib

2021.03.17 17:40 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və “British Council”ın Azərbaycan üzrə direktoru Summer Xia arasında görüş keçirilib.

KOBİA-dan bildirilib ki, görüşdə O.Məmmədov ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına göstərilən dəstək, qurumun fəaliyyəti, sahibkarlıq subyektlərinə göstərdiyi təlim və məsləhət xidmətləri, o cümlədən agentliyin strukturuna daxil olan KOB inkişafı mərkəzlərinin (KOBİM) işi barədə məlumat verib.

“British Council”ın Azərbaycan üzrə direktoru təşkilatın dəstəklədiyi proqramlar çərçivəsində gənc sahibkarların işgüzar bacarıqlarının inkişafı istiqamətində görülən işlər, bu sahədə KOBİM-lərlə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə KOBİM-lərlə birgə sahibkarlar üçün təlim proqramlarının təşkilinə, startapların dəstəklənməsi istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.