Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə daha ciddi və kəskin xarakter alıb, ölkədə sistem xarakterli institusional islahatlar geniş şəkildə həyata keçirilməkdədir. Dövlət vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq sahə üzrə hüquqi təbliğat materiallarının hazırlanması, təlim və treninqlərin keçirilməsinə xüsusi diqqət yetirilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və tədrisin genişləndirilməsi, təlimlərin keçirilməsi üzrə icraçı strukturlardan biri kimi müəyyən edilib.
Martın 16-da DVX-nın Tədris Mərkəzinin təşkilatçılığı ilə videoformat şəklində “Azərbaycanda antikorrupsiya strategiyası və gələcəyə baxış” mövzusunda tədbir keçirilib. Tədbirdə DVX-nın və İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən digər dövlət xidmətlərinin vəzifəli şəxsləri iştirak edib.
Görüşü giriş sözü ilə açan Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi institusional tədbirlər və islahatlar barədə məlumat verib.
Tədbirdə çıxış edən Açıq hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platformasının, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin koordinatoru, “Konstitusiya Araşdırmaları Fondu”nun Prezidenti Əliməmməd Nuriyev antikorrupsiya strategiyasının əsas istiqamətləri, bu sahədə yeni fəaliyyət planı barədə danışıb. Natiq dövlət orqanlarında risk qiymətləndirilməsinin aparılması, nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması üçün müstəqil qiymətləndirmənin aparılması, ictimai iştirakçılığın genişləndirilməsi və gücləndirilməsi, maraqların toqquşması və digər xüsusatlar üzrə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, dövlət orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı yaradılmış komissiyalarda, şuralarda vətəndaş cəmiyyəti və media nümayəndələrinin təmsil olunması və s. vacib məsələlər haqqında ətraflı məlumat verib.
DVX-nin İnsan resursları baş idarəsinin rəis müavini Toğrul Əhmədov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və ondan irəli gələn Fəaliyyət Planı” mövzusu üzrə təqdimatla çıxış edib. O, çıxışında “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Vergi Xidmətinin fəaliyyətində praktiki tətbiqi məsələlərinə toxunub, Milli Strategiyada dövlət orqanlarının fəaliyyəti ilə bağlı nəzərdə tutulan istiqamət və tövsiyələr, Milli Fəaliyyət Planından irəli gələn tədbirlər, o cümlədən, DVX-də korrupsiya risklərinin qiymətləndirilməsi, vergi orqanı əməkdaşları üçün elektron təlim kurslarının hazırlanması, etik davranış və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti barədə məlumat verib.
Tədbir müzakirələrlə davam edib.