Bu ilin ilk iki ayında 8 milyon manat güzəştli kredit verilib

2019.03.01 11:42 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondunun nəzdində Sahibkarlara Xidmət Mərkəzi yaradılıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd Fondun kreditlərindən istifadə qaydaları, müvəkkil kredit təşkilatları və əldə olunmuş uğurlu təcrübələr barədə sahibkarları məlumatlandırmaq, lazımi informasiyaları onlara operativ qaydada çatdırmaq, iş adamlarını maarifləndirməkdir: "Hesab edirik ki, bu cür dəstək mexanizmləri vasitəsilə sahibkarlarımız dövlətin güzəştli kreditlərinə çıxış imkanları barədə ətraflı məlumat əldə edəcəklər. Bu da onların növbəti layihələrinin maliyyələşdirilməsində vacib addımlardan biri olacaq".

Nazir müavini bəzi rəqəmləri də açıqlayıb: "2019-cu ilin ilk 2 ayında 80-dən artıq sahibkarlıq subyektinə 8 milyon manat məbləğində güzəştli kredit verilib. Həmin kreditlər, əsasən, kənd təsərrüfatının, emal sənayesinin inkişafına yönəldiləcək. Nəticədə yeni iş yerləri yaradılacaq və bu istiqamətdə fəaliyyət göstərən sahibkarların iqtisadiyyata töhfəsi olacaq".