Xorvatiyanın məşhur futbol məşqçisi vergi fırıldağına görə həbs cəzası alıb

2021.03.17 14:04 (UTC+04:00)

Xorvatiyanın “Dinamo Zaqreb” futbol komandasının baş məşqçisi və idman direktoru Zoran Mamiç barəsində fırıldaqçılıq iddiası ilə açılmış məhkəmə prosesi başa çatıb. Ölkə mətbuatında yayılan xəbərlərə görə, Zoran Mamiç və qardaşı Zdravko Mamiç “Dinamo Zaqreb” klubuna oyunçuların transeri zamanı böyük məbləğdə vergi yayındırmaqda və rüşvət almaqda ittiham ediliblər.

Məhkəmənin qərarı ilə 4 il 8 ay həbs cəzasına məhkum edilən Zoran Mamiç öz vəzifəsindən istefa verib. O, açıqlamasında özünü təqsirli saymadığını bildirib: “Özümü günahkar hesab etmirəm. Məhkəmənin qərarı bundan əvvəl də çıxarılsaydı, Zaqrebdəki baş məşqçilik və idman direktorluğu vəzifələrimdən istefa verəcəyimi bildirmişdim. Komandaya bundan sonra uğurlar diləyirəm”.

Qeyd edək ki, “Dinamo Zaqreb” UEFA Avropa liqasında mübarizəsini davam etdirir. İngiltərənin “Tottenhem” klubu ilə oyunda komanda meydana məşqçi Damir Krznarın başçılığı ilə çıxacaq.