İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - KƏŞ (Körfəz Əməkdaşlıq Şurası) II biznes vebinarı keçirilib.
Onlayn görüşdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, sənaye, səhiyyə və əczaçılıq, turizm, loqistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 70-ə yaxın nümayəndəsi iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bəhreynin Ticarət və Sənaye Palatasının sədri Sameer Abdullah Nass ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, yeni iqtisadi əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb.
Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev ölkələrimiz arasında əlaqələrin inkişafına dair məlumat verib, bu cür tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulmasına müsbət təsir göstərəcəyini bildirib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurum haqqında məlumat verib, Azərbaycan və Körfəz ölkələri arasında dostluq prinsiplərinə əsaslanan siyasi münasibətlərin iqtisadi-ticarət əməkdaşlığının inkişafına zəmin yaratdığını, iqtisadiyyatın müxtəlif sahələrində intensiv inkişaf potensialını vurğulayıb, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrlə ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi isiqamətində görülən işlərdən danışıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Körfəz ölkələri arasında biznes tərəfdaşlığının inkişafı üçün iş adamlarının, xüsusilə KOB subyektlərinin fəallığının artırılmasının vurğulayıb. Agentlik və Körfəz ölkələrinin müvafiq qurumları arasında əlaqələrə, əməkdaşlığa dair imzalanmış sənədlərə və keçirilən birgə tədbirlərə dair məlumat verən Orxan Məmmədov Körfəz ölkələrini təmsil edən iş adamlarını Azərbaycanda aktiv biznes fəaliyyətinə dəvət edib, bu sahədə KOBİA-nın iş adamlarına dəstək göstərə biləcəyini vurğulayıb.
Tədbirdə Azərbaycanın və Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrinin biznes və investisiya mühiti barədə təqdimatlar keçirilib.