Tikinti xammal ehtiyatlarının hasilatı, tikintiyə icazə və kommunal xidmətlərə qoşulma məsələlərinə dair müzakirələr aparılıb

2021.03.16 16:04 (UTC+04:00)

Martın 16-da dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində “Tikinti xammal ehtiyatlarının hasilatı, tikintiyə icazə və kommunal xidmətlərə qoşulma” mövzusunda növbəti onlayn görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun təşkilatçılığı ilə keçirilmiş tədbirdə Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “Azərişıq” ASC, “Azərsu” ASC, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyə tikinti, kommunal xidmətlərə qoşulma sahələri üzrə daxil olmuş müraciətlər, sahibkarlar arasında keçirilmiş sorğular və görüşlər barədə məlumat verib, sorğuların nəticələrinin aidiyyəti qurumlara təqdim olunduğunu, sahibkarların çətinliklərinin dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində öz müsbət həllini tapdığını vurğulayıb.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Ramazan Əliyev, “Azərişıq” ASC sədrinin müşaviri Elsəvər Rüstəmli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şöbə müdirinin müavini Azər Məmmədov tikinti xammal ehtiyatlarının hasilatı, tikinti və istismara icazənin verilməsi, kommunal xidmətlərə qoşulma ilə bağlı aparılan islahatlar və bu sahədəki yeniliklər, xidmətlərin elektronlaşdırılması barədə məlumat veriblər, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Onlayn görüş çərçivəsində, həmçinin tikintiyə və istismara icazəni asanlaşdıran “Bir pəncərə” sisteminə dair təqdimat keçirilib.