"Reno-Nissan-Mitsubişi" alyansının rəhbəri həbs edilib

2018.11.28 11:05 (UTC+04:00)

2000-ci illərin əvvəllərində "Nissan" şirkətini müflisləşməkdən xilas etməsi ilə məşhurlaşmış Karlos Qon Yaponiya polisi tərəfindən həbs edilmişdir. "Reno-Nissan-Mitsubişi" alyansının baş icraçı direktoru Karlos Qonun beş ildə əldə etdiyi təxminən 44 milyonluq dollar qazancının bəyannamədə az göstərdiyi, bununla da vergidən yayındığı iddia edilir. "Nissan" şirkətinin açıqlamasında Karlos Qonun öz gəlirlərini vergi orqanlarından gizlətdiyi təsdiq olunmuşdur və 64 yaşlı alyans rəhbərinin istefasının tələb edildiyi bildirilir. Bu hadisə ilə bağlı şirkətlər böyük itki ilə üzləşmişlər. Karlos Qonun həbsindən sonra alyansın səhmləri 12,8 faiz ucuzlaşmış və son üç ilin ən aşağı səviyyəsinə enmişdir. Livan əsilli Fransa vətəndaşı olan Karlos Qon karyerasına "Mişlen" şirkətində başlamış, sonradan "Reno" şirkətinə keçmişdi. 1999-cu ildə "Reno-Nissan" tərəfdaşlığına rəhbərliyə gətirilmiş Karlos Qon 2016-cı ildə "Mitsubişi" şirkətini də bu alyansa cəlb etmişdi.