İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru ilə müzakirələr aparılıb

2021.03.16 12:36 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının İsveçrənin Əməkdaşlıq İdarəsinin (SECO) Cənubi Qafqaz üzrə regional direktor müavini Alberto Hernandez ilə görüşü olub.

Mərkəzdən bildirilib ki, İİTKM-də keçirilən görüşdə maliyyə proqramlaşdırılması modelinin qurulması istiqamətində qurumun potensialının gücləndirilməsinə SECO-nun texniki dəstəyi eləcə də, özəl sektorun inkişafı üzrə rəqəmsal ticarət, müəssisələrin rəqəmsal platforma üzərindən idarə edilməsi və qadın sahibkarlığının inkişafı məsələləri müzakirə olunub. V.Qasımlı Azərbaycanda rəqəmsal transformasiya, kiçik və orta biznesin real vaxt rejimində resurslarının planlaşdırılması və bu istiqamətdə İİTKM-in layihələri olan “www.azerp.az”, “Azexport.az”, “Enterpriseazerbaijan.com”, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağının vahid ekosistem şəklində sahibkarlığın inkişafına dəstək xidmətləri barədə qonağı məlumatlandırıb. Eyni zamanda, bu platformaların istifadəsi və geniş tətbiqinin Azərbaycanın transsərhəd ticarət və xidmət əməliyyatlarının onlayn həyata keçirilməsi və qlobal “ERP” istifadəçiləri şəbəkəsinə qoşulmasını asanlaşdıracağını qeyd edib.

SECO-nun Cənubi Qafqaz üzrə regional direktor müavini A.Hernandez Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafı istiqamətində qurum tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib.

Daha sonra İİTKM-in “Azexport.az” portalının meneceri Ayxan Qədəşov müəssisə resurslarının planlaşdırılmasına dəstək məqsədilə yaradılan “www.azerp.az” portalı və “AzERP” sisteminin iş prinsipi və funksional modulları barədə təqdimat edərək iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlara dəstək imkanlarının yaradılması istiqamətində portalın təmənnasız xidmət göstərərək kiçik və orta sahibkarlara (KOS) öz xərclərinə qənaət etməyə və səmərəliliyi artırmağa imkan yaratması barədə məlumat verib.

Görüşdə SECO-nun ölkə proqramı üzrə meneceri Aytən Axundova və İİTKM-in layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova da iştirak edib.