“Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib

2021.03.15 18:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) təşkilatçılığı ilə “Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib. Vebinarda 40-dan artıq sahibkar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs, startap təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov ölkənin davamlı iqtisadi inkişafı və iqtisadi dayanıqlığın təmin olunmasında özəl sektorun rolunu vurğulayıb, sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmlərini qeyd edib, güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi istiqamətində SİF tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib. Vebinarda Fondun yeni strategiyası, həmçinin Fond tərəfindən təqdim olunan məhsul və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Fond tərəfindən kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmləri tətbiq edilir. Bu fəaliyyətin şəffaf şəkildə və real vaxt rejimində həyata keçirilməsi üçün Elektron Kredit Platforması istifadəyə verilib.

Sonra vebinar iştirakçılarının sualları cavablandırıb, təkliflərini dinlənilib.

Qeyd edək ki, sahibkarlar arasında ictimai məlumatlılığın artırılması məqsədilə bu cür tədbirlərin təşkili davam etdiriləcək.