Bu il yanvarın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 9,6 milyon ədəd, bankomatların sayı 2779 ədəd, POS-terminalların sayı isə 573 min 44 ədəd təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, 2020-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2019-cu illə müqayisədə 26 faiz artaraq 28,1 milyard manata çatıb.
Ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız hesablaşmaların həcmi isə 34 faiz artaraq 6,4 milyard manat olub.
Ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 2019-cu illə müqayisədə 55 faiz artaraq 68,7 milyon ədəd, həcmi isə 22 faiz artaraq 3,9 milyard manat olub. Hesabat dövründə təmassız ödəniş infrastrukturu üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub.
Dövriyyədə olan təmassız ödəniş kartlarının sayı 2019-cu illə müqayisədə 2,5 dəfə artaraq 3,7 milyon ədəd, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə 13 faiz artaraq 34,2 min ədəd olub. Təmassız ödənişlərin sayı və həcmi isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4,3 və 5,4 dəfə üstələyib.