Heyvanların sığortalanması kalkulyatoru istifadəyə verilib

2021.03.15 14:09 (UTC+04:00)

Aqrar Sığorta Fondundan verilən məlumata görə, ölkədə ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür.

Xatırladaq ki, aqrar sığorta qaydalarına görə, hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.

Aqrar sığorta kalkulyatorundan istifadə üsulu sadədir. İstənilən şəxs kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı heyvanlarının növünü, sayını və qiymətini, eləcə də istədiyi təminatı və sığorta müddətini daxil etməklə ödəyəcəyi sığorta haqqını asanlıqla hesablaya bilər.

Kalkulyatordan istifadə edərkən sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.

Heyvanların sığortası kalkulyatoruna bu linkdən keçmək olar: asf.gov.az/insurance-calculators/livestock-insurance

Onu da deyək ki, bir neçə gün əvvəl Azərbaycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib. Bitkilərin sığorta kalkulyatoruna bu linkdən keçmək olar:
asf.gov.az/insurance-calculators/crop-insurance

Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvan (südlük inək-camışlar), 14 növ bitki (buğda, arpa, çəltik, qarğıdalı, kartof, üzüm, naringi, limon, portağal, fındıq, çay, pambıq, tütün, çuğundur) və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85 faizini əhatə edir.

Qarşıdakı aylarda sığortalanan bitki və heyvanların siyahısının genişləndirilməsi, aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95 faizini əhatə etməsi nəzərdə tutulur.