Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti son üç ildə 11,5 faiz yüksələrək 38 faizə çatıb

2021.03.12 15:31 (UTC+04:00)

Ölkəmizdə aparılan ardıcıl sosial islahatlar şəraitində minimum əməkhaqqının mütəmadi artımı həyata keçirilir. Xüsusilə 2019-cu ildə reallaşdırılan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, həmin artımlar ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin qabaqcıl beynəlxalq normalara uyğunluğunun təmin edilməsi istiqamətində də son üç ildə ciddi irəliləyişlərə imkan verib.

Belə ki, həmin nisbətin göstəricisi 2018-ci ildə 26,5 faiz olduğu halda 2019-cu ildə 33,3 faiz təşkil edib. 2020-ci ildə isə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisi 38 faizə yüksəlib. Beləliklə, 2018-2020-ci illərdə bu göstərici 11,5 faiz yüksəlib.