Şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynayır

2021.03.12 14:45 (UTC+04:00)

Yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür. Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin söylədiyi bu fikirlər dövlətimizin başçısının hələ bir neçə il bundan əvvəlki “Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır” sözlərinin məntiqi davamıdır desək yanılmarıq.

Bu heç də təsadüfi deyildir. Çünki, Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən xüsusiyyətlərdən biri də məhz idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda inkişafın təminatının vacib ünsürlərindən biri kimi şəffaflıq amilinə xüsusi önəm verilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

O bildirib: “Bu, onunla əlaqədardır ki, şəffaflığın yüksəldilməsi bir tərəfdən korrupsiyanın və qeyri-qanuni gəlirlərin qarşısının alınmasına zəmin yaradır, digər tərəfdən isə iqtisadi sərbəstliyin artırılmasına, inhisarçılığın aradan qaldırılmasına imkan verir.

Şəffaflığı cəmiyyətin səmərəli inkişafının mühüm ünsürü hesab edən dövlətimizin başçısı öz nitqlərinin birində deyib: “Bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Bütün biznes strukturları şəffaf olmalıdır. Biznes strukturları başa düşməlidirlər ki, əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz biznesini böyütmək və xarici bazarlara çıxmaq istəyirlərsə, - mən görürəm ki, bu var, - onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar. Bütün pul əməliyyatları şəffaf olmalıdır. Belə olmasa, onları dünya biznes məkanında heç kim qəbul etməyəcək”.

Başqa sözlə, məhz şəffaflığın artırılması və hesabatlılığın düzgün aparılması, maliyyə hesabatlarının vaxtında hazırlanması və açıqlanması prosedurlarının genişləndirilməsi, maliyyə hesabatlarının azaldılması və müstəqil auditor rəyi ilə birlikdə ictimaiyyətə tam və vaxtında açıqlanması təsərrüfat fəaliyyətində dürüstlüyə, risklərin azaldılmasına, səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə, iqtisadiyyatın düzgün proqnozlaşdırılmasına imkan verir”.

V.Novruzovun sözlərinə görə, eyni zamanda, ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir. Uçot və hesabatlılığın düzgün tərtib olunmasının vacibliyini belə bir faktla göstərmək olar ki, müəssisəyə dəyən zərərdə maliyyə hesabatlarında saxtakarlığın 81 faiz paya malik olması aparılan xarici tədqiqatlar vasitəsilə sübuta yetirilib.

Beynəlxalq qurumların araşdırmaları daha maraqlı asılılığı da üzə çıxarıb. 132 ölkənin timsalında korrupsiya səviyyəsi ilə onun rəqabət qabiliyyəti arasında qarşılıqlı əlaqənin də olduğu təsdiqlənib. Belə ki, dünyada elə bir ölkə yoxdur ki, eyni zamanda, həm yüksək korrupsiya səviyyəsinə, həm də yüksək rəqabətqabiliyyətliliyə malik olsun. Eyni zamanda, az korrupsiyaya uğramış və rəqabətqabiliyyətliliyi aşağı olan ölkəyə də rast gəlinməyib. Hesabatlaşmalara görə, korrupsiyanın səviyyəsi ilə rəqabətqabiliyyətlilik arasında qarşılıqlı əlaqə (korrelyasiya) əmsalı 0,87 təşkil edir ki, bu da öz növbəsində, belə əlaqənin çox güclü olduğuna dəlalət edir. Başqa sözlə, korrupsiya rəqabətqabiliyyətliliyi (xüsusən də müəssisələr səviyyəsində) boğur, inhisarçılığa zəmin yaradır və iqtisadi inkişafı onu səmt küləyindən mərhum edir.
Qeyd etmək lazımdır ki, bu məqsədlə ölkəmizdə həyata keçirilən tədbirlər getdikcə daha böyük vüsət almaqdadır. Bu mənada Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda icrası nəzərdə tutulmuş problemlər mühüm əhəmiyyət kəsb edir və yeni dövrün çağırışları baxımından öz aktuallıqları ilə xarakterizə olunur.

Palatanın sədri diqqətə çatdırıb ki, açıq hökumət dedikdə dövlət aparatının işinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakimiyyətin və vətəndaş cəmiyyətinin səmərəli qarşılıqlı əlaqəsini təmin edən mexanizmlər və prinsiplər sisteminin tətbiqi nəzərdə tutulur. Açıq hökumətin təşviqi həm vətəndaşlar, həm də hakimiyyət üçün müsbət təsirə malikdir. Belə ki, açıq hökumətin fəaliyyət göstərdiyi şəraitdə hakimiyyət ona qarşı ictimai etimadın yüksəldilməsini, göstərilən xidmətlərin yaxşılaşdırılmasını və səmərəliliyinin yüksəldilməsini təmin edirsə, vətəndaşlar da özləri üçün hökumətin fəaliyyətinə dərindən bələd olmağa, vergilərin, büdcə vəsaitlərinin necə xərclənməsinə nəzarət etməyə və vətəndaş fəallığının yüksəldilməsinə nail olurlar. Hər iki amilin təsiri nəticəsində dövlətin möhkəmlənməsi, iqtisadiyyatın daha dayanıqlı və səmərəli inkişafı, habelə, vətəndaş cəmiyyətinin fəallığı təmin olunur. Məhz açıq hökumətin fəaliyyəti nəticəsində ənənəvi bürokratiya əngəlləri aradan qalxır və vətəndaşların hakimiyyətdən razılıq səviyyəsi artmış olur. Uzağa getmədən buna ölkəmizdə son illər cəmiyyətin geniş rəğbətini qazanmış “ASAN xidmət”in uğurlu fəaliyyətini misal göstərmək olar.

Bununla belə, qeyd etmək lazımdır ki, şəffaflıq və nəzarət sahəsində ölkəmizdə bir sıra aktual problemlər öz konseptual həllini gözləyir ki, təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı da məhz açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsini, maliyyə şəffaflığının yüksəldilməsini, ictimai nəzarətin gücləndirilməsini, vətəndaş cəmiyyəti institutlarının, sahibkarlığın dəstəklənməsini, çirkli pulların yuyulmasına qarşı hüquqi bazanın möhkəmləndirilməsini və açıq hökumətin təşviqi ilə bağlı ölkəmizdə görülən tədbirlərin davamlılığının təmin edilməsini özündə ehtiva edir.

“Sənədin diqqətçəkən əsas məqamlarından biri kimi onu qeyd etmək lazımdır ki, tamamilə haqlı olaraq şəffaflığın artırılması probleminin dövlət orqanlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi məsələsi qarşıya məqsəd qoyulub. Eyni zamanda, şəffaflığın yüksəldilməsi məsuliyyətin artırılmasının vacibliyi ilə üzvi surətdə əlaqəli olduğu göstərilib.

Nəzərdə tutulacaq tədbirlərin içərisində etik davranış qaydalarının geniş tətbiqi və bununla bağlı olaraq, təlim və treninqlərin genişləndirilməsi, vətəndaş institutlarının gücləndirilməsi, ictimai nəzarətin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Ölkə iqtisadiyyatında yüksək şəffaflığa nail olunmasının, kölgə iqtisadiyyatının daha da azaldılmasının, inhisarçılığın aradan qaldırılmasının istiqamətlərindən biri kimi beynəlxalq standartların və qabaqcıl xarici təcrübənin tətbiqi zərurəti xüsusi qeyd olunmalıdır. Bu zaman beynəlxalq standartlar dedikdə, istər beynəlxalq maliyyə hesabatı standartları, istər beynəlxalq mühasibat uçotu və audit standartları, istərsə də beynəlxalq nəzarət prosedur və qaydaları əhatə olunmalıdır.

Bütün bunlar dövlətimizin başçısının diqqətində olan və təxirəsalınmaz həllini gözləyən məsələlərdir”, - deyə V.Novruzov vurğulayıb.