Slovakiyanın müvəqqəti işlər vəkili ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

2021.03.11 16:53 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Slovakiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Milan Layçiak ilə görüşüb.

KOBİA-dan bildirilib ki, O.Məmmədov ölkələrimiz arasında mikro, kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, Azərbaycanda KOB-lara göstərilən dövlət dəstəyi, agentliyin fəaliyyəti və xidmətləri barədə ətraflı məlumat verib.

M.Layçiak KOB-ların Slovakiya iqtisadiyyatında fəal rolunu qeyd edərək agentlik ilə ölkəsinin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi zərurətini vurğulayıb.

Qarşılıqlı ticarət və investisiya qoyuluşu sahələrində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə KOB sahəsində təcrübə mübadiləsi, hər iki ölkənin KOB subyektlərinin iştirakı ilə birgə layihələrin reallaşdırılması və bu prosesə KOBİA-nın dəstəyi müzakirə edilib.