ABŞ parlamenti 1,9 trilyon dollarlıq yardım paketini təsdiqləyib

2021.03.11 13:05 (UTC+04:00)

ABŞ prezidenti Co Baydenin 1,9 trilyon dollarlıq COVID-19 yardım paketi respublikaçılar ilə demokratlar arasında uzun sürən müzakirələrindən sonra Senatda keçən həftə bir səs çoxluğu ilə qəbul edilmişdi. Artıq sənəd ABŞ parlamentinin Nümayəndələr Palatasından da keçib.

Yardım paketi çərçivəsində amerikalılara 1400 dollarlıq birdəfəlik çek veriləcək, işsizliyə görə aylıq məbləği 300 dollar olan yardım isə yayın sonuna qədər davam etdiriləcək. Yardım paketi xüsusi olaraq peyvəndlərin bölüşdürülməsindən təhsilə, əyalətlərdən şəhərlərə qədər epidemiyanın təsirinə məruz qalmış bütün müəssisələrə yardım göstərilməsini ehtiva edir. Paketdə birbaşa veriləcək maddi yardımlarla yanaşı, “ABŞ Xilasetmə Planı” adlandırılan və ölkədə yoxsulluqla mübarizə baxımından faydalı olması gözlənilən dəyişikliklər də yer alır.

Yardım paketi aşağı gəlirli ailələrə vergi güzəştini, kirayə və qida yardımlarının artırılmasını da nəzərdə tutur.

Ağ evdən verilən rəsmi açıqlamaya əsasən, sənədi Co Bayden martın 12-də imzalayacaq.