Ölkədə əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 9,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-fevral aylarında 7,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3 faiz azalması hesabına baş verib.
Sənaye məhsulunun 64,1 faizi mədənçıxarma sektorunda, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı 9,6 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,6 faiz azalıb.