Özəlləşdirmə hərracına daha 65 dövlət əmlakı çıxarılacaq

2021.03.11 10:01 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac aprelin 6-da təşkil ediləcək.

ƏMDX-dən bildirilib ki, hərraca 65 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 41-i isə səhmdar cəmiyyətdir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/38kQUru, https://bit.ly/3sZwgoU, https://bit.ly/3btkhtE).

Keçiriləcək özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.