Vətən müharibəsində yaralanmış qazilərin sosial-tibbi təminatı dövlətin diqqət mərkəzindədir

2021.03.10 12:07 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi qazilərinin mühərrikli təkərli oturacaqlarla təminatına başlanılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Vətən müharibəsində yaralanmış qazilərimiz – Abdulla Abdullayev, Camal Alxasov, Natiq Salahov, Vüqar İbrahimov və İntiqam Əkbərov mühərrikli təkərli oturacaqla təmin ediliblər.

Tədbirdə agentliyin sədri Cavid Əbdül-Qədirov Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq, qazilərimizlə bağlı genişmiqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini vurğulayıb. O bildirib ki, dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.

Son iki ildə 11 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib. Qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradılıb.

Agentlik sədri qazilərin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatına başlandığını, artıq 15 hərbçinin yüksək texnologiyalı protezlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini qeyd edib. Əlavə olaraq postmüharibə dövründə 210 qaziyə də 1220 reabilitasiya vasitəsi verildiyini diqqətə çatdırıb.

C.Əbdül-Qədirov bildirib ki, eyni zamanda, müharibədə yaralanmış qazilərimizin də mühərrikli təkərli oturacaqlarla təminatına başlanır. İlk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digər əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqlar təqdim olunacaq.

Bütün bunlar ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həm reabilitasiya infrastrukturunun, həm də reabilitasiya texnologiyalarının müasirləşdirildiyini göstərir.

Yeni təkərli oturacaqlar mühərrik əsasında işləyir və əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır.