İşğaldan azad edilmiş ərazilərdə 8 mindən artıq əmlakın çöl inventarlaşması başa çatıb

2021.03.09 14:12 (UTC+04:00)

- Şamil müəllim, indi torpaq mövzusundan söz düşəndə, ilk öncə, təsəvvürümüzdə işğaldan azad edilmiş ərazilər canlanır. Bu ərazilərdə torpaqdan istifadə ilə bağlı görülən işlərin əsas istiqamətlərini necə xülasə etmək olar?

- Azərbaycanın Vətən Müharibəsində böyük zəfərindən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkəmiz üçün yeni bir dövr başlayıb. Postkonflikt dövrünün ən başlıca vəzifəsi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını təmin etmək, əraziləri minalardan təmizləmək, infrastruktur qurmaqdır.

İlkin dövrdə nəzərdə tutulan işlərin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikasının Prezidenti 2020-ci il 29 oktyabr tarixli Fərman imzalayıb. Fərmanda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qarşısında konkret vəzifələr müəyyən edilib. Bu vəzifələrdən biri infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsidir.

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın ilkin inventarlaşdırılması işinin təşkili məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gəncə şəhərində və Füzuli rayonunun Horadiz qəsəbəsində yerli qərargahlar, o cümlədən inventarlaşdırma nəticəsində əldə ediləcək məlumatların kameral qaydada işlənilməsi üçün Bakı şəhərində mərkəzi qərargah yaradılıb. İndiyədək işğaldan azad edilmiş rayonlardan 8-i üzrə ümumilikdə 8618 əmlakın (6911 daşınmaz əmlak və 1707 infrastruktur obyekti) çöl inventarlaşma işləri tamamlanıb, həmçinin infrastruktur obyektləri üzrə 299 km avtomobil yolunun, 115 km elektrik verilişi xəttinin, 35,8 km qaz təchizatı xəttinin, 3 km su təchizatı xəttinin, 31,3 km suvarma şəbəkəsinin və 171.653 ha torpaq sahəsinin inventarlaşdırılması işləri başa çatdırılıb.

8 rayon üzrə 102 yaşayış məntəqəsində işlər yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 273 yaşayış məntəqəsinin isə tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib. Qarşımızda duran əsas vəzifələr torpaqların elektron kadastr və kəmiyyət uçotu işlərinin aparılması, torpaqların uqodiyasına (təsərrüfat yerinə), məqsədli təyinatına və hüquqi rejiminə uyğun kadastr məlumat bazasının yaradılması, torpağın keyfiyyətinin yoxlanılması və s. işlərdir.

- Respublikamızda torpaqların təyinatı üzrə istifadəsində önə çıxan aktual məsələlərə nəzər saldıqda, ümumi mənzərə necə görünür?

- Ölkəmizdə aparılan torpaq islahatından sonra torpaq idarəçiliyində üç mülkiyyət növü - dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri formalaşdırılıb. Hazırda əsas nöqsanlar kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadə edilməməsi ilə bağlıdır. Təyinatı yaşayış olmayan torpaqlarda bir çox hallarda qeyri-qanuni yaşayış və qeyri-yaşayış obyektləri tikilir, pay torpaqlarının kiçik hissələrə bölünərək satılması nəticəsində həmin torpaqlar əkin dövriyyəsindən çıxarılır. Bundan başqa, dövlət müəssisə və təşkilatlarının istifadəsində olan torpaq sahələrinin səmərəsiz istifadə olunması, qanunsuz tikinti işlərinin aparılması halları da müşahidə olunur.

İcarəyə verilmiş yay və qış otlaqlarının istifadə olunmasında da bır sıra nöqsanlara yol verilir. Həmin otlaqların icarə müddətinin bitməsinə baxmayaraq müqaviləsiz istifadə olunması, qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq icarəyə verilməsi, o cümlədən müvafiq razılıq və rəylərin alınmaması həmin torpaqların səmərəsiz istifadəsinə şərait yaradır. Bu da dövlət büdcəsinə ödəniləcək vəsaitin yayınması ilə nəticələnir.

- Belə halların qarşısının alınması məqsədilə hansı işlər görülür?

- Əmlak Məsələləri Dövlət Xidməti yerlərdə torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılır, torpağın təyinatı üzrə istifadəsinin vacibliyi izah edilir. Bundan başqa, aparılan monitorinqlər zamanı aşkar edilən pozuntu hallarının aradan qaldırılması və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə müvafiq orqanlara müraciət ünvanlanıb. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 2020-ci ildə 1682 inzibati protokol tərtib edilərək 693.380 manat cərimə tətbiq olunub.

- Artıq peyk vasitəsilə torpaqlara nəzarət sistemi işə düşüb. Bunun hansı üstün imkanları var?

- Kənd təsərrüfatına yararlı torpaqların təyinatı üzrə istifadəsinin mütəmadi nəzarətdə saxlanılması, kənd təsərrüfatına yararlı torpaqların münbitliyinin mühafizəsi, o cümlədən dövlət müəssisə və təşkilatların istifadəsində olan torpaqların qorunub saxlanılması, səmərəli istifadəsi torpaqlara nəzarətin əsas prioritetləridir. Dövlət Xidməti tərəfindən torpaq səthinin monitorinqi vasitəsi ilə torpaqlara nəzarət həyata keçirilir. Bu sistem torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artmasına, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınmasına, yeni texnologiyaların imkanlarından istifadə edilməsinə şərait yaradır. Müasir üsullarla təsvirlərin analizi aparılır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən fiziki və bioloji dəyişikliklər və onların koordinatları avtomatik olaraq müəyyən edilir. Sistemin müəyyən etdiyi dəyişikliklər Dövlət Xidmətinin torpaq müfəttişləri tərəfindən yerində araşdırılır və qanun pozuntuları aşkar edildiyi təqdirdə qanunvericiliyə uyğun operativ tədbirlər görülür.

- Strateji obyektlərin mühafizə zonalarında yerləşən torpaqların bir hissəsində fərdi evlər tikilib. Mühafizə zonalarının müəyyənləşdirilməsi ilə bağlı meyarlarda da qeyri-müəyyənliklərin olduğunu nəzərə alsaq, həmin fərdi evlərin taleyi necə olacaq?

- Məlumat üçün bildirim ki, kommunikasiya xətlərinin mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib. Məsələn, Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə “Gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalar”ı təsdiq edilib. Qaydalara əsasən, mühafizə zonaları gərginliyi 20 kv-a qədər olan elektrik şəbəkəsindən 10 metr, 35 kv-lıq 15 metr, 110 kv-lıq 20 metr, 150 kv-lıq 25 metr, 220 kv-lıq 25 metr, 330-500 kv-lıq 30 metr müəyyən edilib.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə su mühafizə zonalarının, istismar olunan ixrac boru kəmərlərinin, qaz təchizatı xətlərinin, dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğularının, avtomobil və dəmiryollarının, Xəzər dənizinin və digər kommunikasiya xətlərinin mühafizə zonaları müəyyən edilib. Qanunvericiliklə bu mühafizə zonalarında tikinti işləri icazə əsasında aparılır. Lakin buna baxmayaraq, vətəndaşlar tərəfindən icazəsiz mühafizə zonalarında yaşayış və qeyri-yaşayış obyektləri inşa edilib ki, bu da infrastrukturla bağlı müəyyən problemlər yaradır.

Əmlak Məsələləri Dövlət Xidməti bu məsələlərlə bağlı geniş maarifləndirmə işləri aparır. İnfrastruktur obyektlərinə problem yaratmayan, lakin qanunsuz inşa edilmiş tikililərin bir hissəsi ilə bağlı rayon icra hakimiyyətlərində yaradılmış komissiyalar tərəfindən inventarlaşma işləri aparılıb.

Onu da qeyd etmək istərdim ki, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli Fərmanının 7.1-ci bəndinə əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasının təmin edilməsi tapşırılıb.

- Süni göllərin və daş karxanalarının yerləşdiyi ərazilərdə torpaqların bərpası üçün hansı addımlar atılır?

- Bu, hazırda həlli tələb olunan çox aktual məsələdir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ciddi nəzarətə götürülüb. Ölkə ərazisində 542 süni balıq gölündə aparılmış monitorinqlər nəticəsində torpaq qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunub, 121 gölün fəaliyyəti dayandırılıb, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində qeyri-qanuni yaradılan 344 göl istifadəçiləri barədə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilib, 189 min 390 manat məbləğində inzibati cərimə tətbiq edilib. 28 göllə bağlı materiallar tədbir görülməsi məqsədilə müvafiq orqanlara göndərilib.

Eyni zamanda, 588 daş və qum-çınqıl karxanasında aparılmış monitorinqlər nəticəsində də torpaq qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunan 256 karxananın fəaliyyəti dayandırılıb, 155 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilərək 221 min 585 manat məbləğində inzibati cərimə tətbiq edilib, o cümlədən 55 karxanada torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğu üçün tərtib olunmuş materiallar tədbir görülməsi məqsədilə aidiyyəti orqanlarına göndərilib.

Fəaliyyəti dayandırılan daş karxanalarının və süni balıq göllərinin yerləşdiyi torpaq sahələrinin rekultivasiyasına dair işçi layihələrinin hazırlanması nəzərdə tutulur.

Fərqanə ALLAHVERDİQIZI