ОECD ölkələrin öz vergi öhdəliklərinə necə əməl etməsi haqqında hesabat nəşr edib

2019.02.28 12:41 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) son hesabatında vergi sazişlərinin satın alınması adlandırılan təcrübəyə artıq son qoymaqda olan 116 üzv dövlətin öz vergi sazişlərinə əlavə edilmiş müddəalar üzrə öhdəliklərinə nə dərəcədə əməl etdiyi qiymətləndirilib. Vergi sazişlərinin satın alınması transmilli şirkətlərə beynəlxalq səviyyəli əməliyyatlarda vergidən yayınmağa imkan yaradır. Vergi sazişlərinin gücləndirilməsi OECD-nin vergi bazasının aşınmasının və gəlirlərin yerinin dəyişdirilməsinin qarşısının alınması (BEPS) üzrə planının əhatə etdiyi dörd minimal standartdan biridir.

Hesabatda qeyd edilib ki, "BEPS-in inklüziv çərçivə əsası"nın üzvü olan dövlətlərin mütləq əksəriyyəti BEPS-in minimal standartlarının tələblərinə əməl etmək üçün öz vergi sazişlərini təkmilləşdirməyə başlayıblar. İnklüziv struktura hazırda 127 ölkə daxil olsa da, hesabatda 2018-ci ilin iyun ayından bu strukturun üzvü olan 116 yurisdiksiyada işlərin gedişi qiymətləndirilib. OECD-nin hesabatında deyilir ki, qiymətləndirilmiş 116 yurisdiksiyadan 82-si ya təşkilatın standartlarına müvafiq saziş imzalayıb, ya da bu sazişlərin tezliklə icra ediləcəyi gözlənilir.