Mərkəzi Lüksemburqda yerləşən, Avropa İttifaqının (Aİ) ali məhkəməsi hesab olunan Avropa Ədalət Divanı İspaniyadakı bəzi futbol komandalarının faydalandıqları vergi güzəştləri ilə bağlı məhkəmə prosesini başa çatdırıb. Məhkəmə “Barselona”, “Real Madrid”, “Atletik Bilbao” və “Osasuna” klublarının mənfəət qazanmaq məqsədi daşımayan müəssisə kimi fəaliyyət göstərərək digər idman klubları ilə müqayisədə daha az vergi ödəmələrinin qanunazidd olduğu və adları çəkilən komandaların digərlərinə qarşı üstün vəziyyət əldə etdikləri barədə qərar çıxardıb.
Aİ Komissiyasının komandaların ödənilməmiş vergi fərqlərinin geri qaytarılması tələbini düzgün hesab edən Avropa Ədalət Divanı birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
Adları göstərilən dörd komanda uzun illər boyunca mənfəət qazanmaq məqsədi daşımayan müəssisə kimi fəaliyyət göstərərək 25 faiz dərəcəsi ilə vergi ödəyirdi. Digər komandaların ödədiyi verginin dərəcəsi isə 30 faizdir.
2016-cı ildə Aİ Komissiyası İspaniyada bəzi futbol klublarının faydalandığı vergi güzəştini dövlət dəstəyi qaydalarına zidd hesab edərək vergi sistemindən faydalanmış komandaların ödəmədikləri vergi məbləğlərini geri qaytarması tələbini irəli sürmüşdü. Komandalar isə Aİ Komissiyasının qərarı ilə razılaşmayaraq məsələni məhkəmə yolu ilə həll etməyə cəhd göstərmişdilər.
Aİ Ümumi Məhkəməsi 2019-cu ildə Aİ Komissiyasının İspaniyada “Baselona”, "Real Madrid”, “Atletik Bilbao” və “Osasuna” futbol klublarına qarşı vergi cəzalarının qanuna uyğun olmadığı barədə qərar vermişdi.
Avropanın Ali Məhkəməsi sayılan Ədalət Divanının bu qərarı ləğv etməsi ilə məşhur İspaniya klubları büdcəyə milyonlarla avro əlavə vergi ödəməli olacaqlar.