Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

2021.03.05 17:42 (UTC+04:00)

Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan fındıq emalı müəssisələrinin yaradılmasıdır.

Belə müəssisələrdən biri də “Agrarco” MMC-nin Zaqatala rayonunda tikilən fındıq emalı fabrikidir. Hazırda müəssisədə son tamamlama işləri aparılır.

İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 34,3 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.