Ombudsman əmək müqaviləsinin əsassız ləğvinin qadağan edilməsi ilə bağlı təklif verib

2019.02.28 10:22 (UTC+04:00)

Yaşa görə əmək pensiyası yaşına çatmağa 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması təklif edilib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində qeyd olunub ki, işçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri də pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir: "Bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir. Odur ki, yaşa görə əmək pensiyası yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina olunmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavənin edilməsi zəruridir".