Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə işgüzar görüş təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə ölkələrimizin iqtisadi prioritetlərinə, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə, ticarət, investisiya, energetika, nəqliyyat, eləcə də mikro, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
İşgüzar görüşdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun Qazaxıstanın KOB sahəsində ixtisaslaşmış müvafiq qurumları və sahibkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. KOBİA-nın Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı barədə məlumat verən O.Məmmədov hazırda tərəflər arasında 2019-cu ildə imzalanmış memoranduma uyğun olaraq qarşılıqlı əməkdaşlığa dair birgə yol xəritəsinin hazırlandığını bildirib.
Vurğulanıb ki, bu yol xəritəsində iş adamları arasında “B2B” görüşlərin təşkili, KOB-ların dəstəklənməsi üçün ən yaxşı təcrübəyə dair məlumat mübadiləsi, biznes assosiasiyaları arasında qarşılıqlı məsləhətləşmələr kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.
İşgüzar görüşdə KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə də məlumat verilib, yerli və Qazaxıstandan olan iş adamlarının birgə biznes layihələr həyata keçirməsinə agentliyin dəstək və xidmətlər göstərə biləcəyi diqqətə çatdırılıb.