Azərbaycan-Qətər biznes görüşü təşkil olunub

2021.03.04 11:25 (UTC+04:00)

Azərbaycan Respublikası və Qətər Dövlətinin işgüzar dairələri arasında videokonfrans formatında biznes görüş təşkil olunub. Tədbirin təşkilatçıları qismində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qətərin Ticarət Palatası (“Qatar Chamber”) çıxış edib.

Azərbaycanın Qətərdəki səfirliyindən bildirilib ki, rəsmi nümayəndə heyətlərinin üzvləri öz çıxışlarında iki ölkə arasında ikitərəfli iqtisadi-ticarət əlaqələri üçün geniş potensialın olduğunu qeyd edərək mövcud imkanlardan daha fəal istifadə etməyə maraqlarını bildiriblər. Bu xüsusda, ticarət, kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, turizm, informasiya və kommunikasiya texnologiyaları, bərpaolunan enerji və bir sıra digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün cəlbedici imkan və perspektivin olduğu qeyd edilib.

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında digər sahələrlə yanaşı, iqtisadi və ticarət əməkdaşlığının da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq səfirliyin Azərbaycan və Qətərin biznes dairələri üçün qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələrin təşviq edilməsinə öz töhfəsini verməyə hazır olduğu bildirib.

Toplantıda AZPROMO və Qətərin İnvestisiyaların Təşviqi Fondunun (IPAQ) nümayəndələri təmsil etdikləri ölkələrdə investisiya imkanları barədə ətraflı təqdimatlarla çıxış ediblər.

Görüşdə müxtəlif sahələr üzrə birbaşa əlaqələr qurmaq və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək niyyətində olan Azərbaycan və Qətərin şirkət və iş adamları üçün müvafiq şərait yaradılıb.