Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

2021.03.02 17:32 (UTC+04:00)

Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Energetika Nazirliyindən bildirilib ki, energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib. Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin mövcud səviyyəsi və inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.

Nazir Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verib.
Səfir bərpaolunan enerji sahəsində Almaniya təcrübəsi haqqında danışıb, həmçinin cari il martın 16-17-də keçirilməsi planlaşdırılan “Berlin Energy Transition Dialogue 2021” beynəlxalq konfransına dəvət məktubunu təqdim edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.