Fransada ABŞ-la rəqəmsal vergi sazişinin tezliklə imzalanacağı mümkün sayılır

2021.03.03 18:26 (UTC+04:00)

Fransa hökuməti 2021-ci ilin yayına qədər rəqəmsal vergi haqqında beynəlxalq sazişin imzalanacağını real sayır. Fransanın maliyyə naziri Brüno Le Mer G20 ölkələrinin maliyyə nazirləri ilə danışıqların yekunları barədə “Twitter” paylaşımında bildirib ki, müəssisələrin və rəqəmsal xidmətlərin vergiyə cəlb olunması barədə beynəlxalq sazişin imzalanmasına az qalıb.

“Frans Press” agentliyinin məlumatına görə, Fransa tərəfi bu sazişin imzalanması üçün yayın əvvəlinə qədər müddət qoyacaq. Le Mer qeyd edib ki, “ABŞ sazişin imzalanması yolundakı əngəllərin aradan qaldırılacağı niyyətində olduğunu təsdiqləyib və bu, irəliyə doğru ciddi bir addımdır”.

Bundan əvvəl ABŞ-ın ticarət danışıqları üzrə ABŞ təmsilçiliyinə namizəd Ketrin Tay prezident Co Bayden administrasiyası rəqəmsal vergi məsələsinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və G-20 qrupu çərçivəsində həllinin tərəfdarı olduğunu bəyan etmişdi.

Qeyd edək ki, əksəriyyəti ABŞ-a məxsus olan iri xarici rəqəmsal şirkətlərin gəlirləri 2019-cu ildən başlayaraq Yunanıstan, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Fransa və Böyük Britaniyada vergiyə cəlb olunur.