KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib
Martın 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair brifinq keçirilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən ötən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib. Bildirilib ki, KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış 7 normativ hüquqi aktdan 2-si artıq təsdiq edilib, müxtəlif istiqamətlər üzrə hazırlanmış 86 normativ sənəd layihəsinə Agentlik tərəfindən rəy bildirilib.
Sahibkarlıq sahəsində qanunvericilik və tənzimləmə, idxal-ixrac əməliyyatları, dəstək mexanizmlərindən istifadə, “COVID-19” pandemiyasının biznesə təsiri və s. istiqamətlər üzrə KOB subyektlərinin ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 7722 KOB subyektinin iştirakı ilə 23 sorğu keçirilib.
2020-ci ildə Agentliyə 3187 vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 890-nı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Bu müraciətlərin 28%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 54%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 11%-i isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib və s.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2019-2020-ci illəri əhatə edən “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” (“SME Policy Index 2020”) hesabatında Azərbaycanın mövqeyində 12 meyardan 9-u üzrə irəliləyiş əldə olunub. Qeyd edək ki, OECD tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə 2012-ci ildən başlayaraq hazırlanan “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” 12 istiqamət, 33 altistiqamət və təxminən 500 sual əsasında qiymətləndirilir.
Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində ilk KOB evi fəaliyyətə başlayıb. Ötən il Xaçmaz KOB evində sahibkarlıq subyektlərinə 95%-i dövlət-biznes (“G2B”) və 5%-i biznes-biznes (“B2B”) xidmətlər olmaqla 20759 xidmət göstərilib. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98%-dir. Hazırda Xaçmaz KOB evində 9 dövlət qurumu tərəfindən 150-dək “G2B”, 8 özəl şirkət tərəfindən 100-dək zəruri “B2B” xidmətlər göstərilir. Yaxın günlərdə Yevlax şəhərində KOB evinin açılması nəzərdə tutulur. Bakı KOB evinin təşkili istiqamətində isə işlər davam etdirilir.
Sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib, 4-ü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb. 2021-ci ildə də ölkə regionları üzrə KOB Dostu şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, onların məlumatlandırılması məqsədilə 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişafı mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Ötən il KOBİM-lər tərəfindən 100-ə yaxın təlim keçirilib, 2500 saata yaxın məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər (təlim və məsləhət xidmətləri, biznes planın hazırlanması, şəbəkələşmə, maliyyə resursların çıxış və s.) ödənişsizdir. Ötən il KOBİM-lərin vahid internet səhifəsi - www.kobim.az saytı fəaliyyətə başlayıb.
KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə həyata keçirilən, KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan 2020-ci ildə 29, ümumilikdə isə indiyədək 451 sahibkar və menecer yararlanıb.
Agentlik məqsədlərindən irəli gələrək ötən il ölkə regionlarına investisiyaların cəlb olunmasına da dəstək göstərib. Bu istiqamətdə xarici investisiya əsasında Oğuz rayonunun Sincan kəndində tütünçülük müəssisəsinin fəaliyyətinə, Astara şəhərində yeni turizm kompleksinin yaradılmasına, Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çay istehsalına başlanılmasına və s. KOBİA tərəfindən dəstək və xidmətlər göstərilib.
2020-ci ildə də Agentlik KOB subyektlərini mövcud maliyyə resursları və onlara çıxışla bağlı məlumatlandırıb, müvafiq təşkilatlarla əlaqələndirib. KOB subyektlərinin maliyyə bazarında mövcud olan maliyyə alətlərinə və mexanizmlərinə çıxışının asanlaşdırılması və koordinasiyası məqsədilə Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və digər maliyyə təşkilatlarının iştirakı ilə platforma yaradılıb və bu platforma çərçivəsində mütəmadi olaraq müzakirələr aparılır.
Nazirlər Kabinetinin 30.09.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, mikro, kiçik və orta sahibkarların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu məqsədlə Agentlik tərəfindən müsabiqə elan edilib və hazırda müsabiqəyə sənəd qəbulu davam edir. Müsabiqəyə çərçivəsində maliyyələşdiriləcək hər bir layihəyə maksimum 20 min manat vəsait ayrılacaq.
2020-ci ildə pandemiya səbəbindən sərgilərin keçirilməsinə məhdudiyyət qoyulduğundan Agentlik yalnız ilin əvvəlində mikro və kiçik sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmənnasız olaraq iştirakına dəstək göstərib. Bu sərgilərdə KOB subyektləri məhsul və xidmətlərini tanıdıb, satış imkanlarını genişləndirib, yeni işgüzar əlaqələr qurublar.
Rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması məqsədilə KOB subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırmasının aparılmasına Agentlik tərəfindən dəstək göstərilib və bu proses hazırda da davam etdirilir.
Dövlət tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən KOB-lar üçün həyata keçirilən dəstək tədbirlərində KOBİA da yaxından iştirak edib, mümkün alətlər çərçivəsində pandemiyadan zərər çəkmiş KOB-lara dəstək göstərib.
2020-ci il - “Könüllülər ili”ndə “KOB könüllüsü” olmuş 7 gənc Agentlikdə işlə təmin olunub, KOBİA-nın dəstəyi ilə 13 min tirajla “Könüllünün öz/əl kitabı” nəşr edilib və gənclərə pulsuz paylanılıb. Ümumilikdə indiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb edilib.
Sosial sahibkarlığın inkişafı məqsədilə ötən il də KOBİA müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirib. 2020-ci il də daxil olmaqla indiyədək 400-ə yaxın vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün Agentliyin dəstək və xidmətlərindən faydalanıb. KOBİA-nın dəstəyi ilə 2020-ci ildə “Qobu Park 3” yaşayış kompleksində biznes və sosialyönümlü iki müəssisə fəaliyyətə başlayıb. Eyni zamanda “Çiçəklənən Abşeron” layhəsində aztəminatlı ailələrin iştirakı təmin olunmaqla, onların əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək göstərilib.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.