Türkiyədə kriptovalyuta əməliyyatlarına vergi tətbiqi gündəlikdədir

2021.02.26 17:54 (UTC+04:00)

Almaniyanın “Deutsche Welle” nəşrinin türkcə buraxılışında yayılmış məlumata görə, bütün dünyanı öz təsir dairəsinə alan kriptovalyutalar Türkiyədə də böyük maraq doğurur. Ekspertlər önündə bitkoinin gəldiyi kriptovalyutaların istifadəsində Türkiyənin dünyada dördüncü, Avropada isə birinci yerdə olduğunu bildirirlər. Ölkədə kriptovalyuta sərmayəçilərinin sayı isə artıq 1 milyonu keçib və bu valyuta ilə aparılan gündəlik əməliyyat həcmi 1 milyard dollardan çoxdur.

Hökumət, başda bitkoin olmaqla valyuta alğı-satqısına vergi qoymağı planlaşdırır. Ancaq mütəxəssislər vergi tətbiqinin hansı formada olacağına dair şərh verərkən diqqəti dünyada qəbul edilmiş vahid qaydanın olmadığına yönəldirlər. Ekspertlərin rəyincə, kriptovalyuta alğı-satqısına yüksək vergi qoyulması sərmayəçilərin bu bazara böyük marağını xeyli səngidə bilər.