İqtisadiyyat naziri Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb

2021.02.25 16:50 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, Pakistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyası hazırlanıb. Konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadə, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramları və ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsi nəzərdə tutulur.

Pakistanın Sərhəd İşləri Təşkilatının (FWO) baş direktoru, general-mayor Kamal Azfar ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, əlaqələrin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb. Qeyd edilib ki, FWO Azərbaycanla infrastruktur layihələrinin icrası üzrə əməkdaşlıqda maraqlıdır.

Görüşdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, Pakistan şirkətlərinin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakına dair müzakirələr aparılıb.