Sığorta sahəsində Türkiyə ilə əməkdaşlığın predmetləri müəyyənləşdirilib

2021.02.23 13:52 (UTC+04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Türkiyə Sığorta Birliyinin rəhbər heyəti arasında zoom-konfrans keçirilib. görüşdə iki qardaş ölkə arasında sığorta sahəsində qurulmuş əməkdaşlıq çərçivəsində ilk mərhələdə həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub.

ASA Müşahidə Şurasının sədri Azər Əliyev konfransı giriş sözü ilə açaraq Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin sığorta sahəsində də təmin olunduğundan məmnunluğunu bildirib. Ötən ilin dekabr ayında iki qurum arasında imzalanmış rəsmi memorandum çərçivəsində qurulan əməkdaşlığın hər iki ölkənin sığorta bazarı üçün səmərəli olacağı vurğulanıb.
Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli də bu əməkdaşlığı yüksək qiymətləndirdiyini və növbəti mərhələdə münasibətlərin dinamik formada təmin edilməsində maraqlı olduğunu qeyd edib. Qardaş ölkənin sığorta requlyatorunun sədri Azərbaycanda sığorta sahəsində Türkiyə təcrübəsinin tətbiq olunması üçün qurum olaraq bütün imkanları səfərbər edəcəklərini bildirib.

ASA-nın icraçı direktoru Elmar Mirsalayev qurulmuş əməkdaşlıq çərçivəsində fəaliyyət planının ən tez zamanda tərtib olunmasını zəruri hesab etdiyini vurğulayaraq qeyd edib ki, imzalanmış memoranduma əsasən ilk mərhələdə kadr və təcrübə mübadiləsi həyata keçirləcək.
ASA ilə Türkiyə Sığorta Birliyinin rəhbər heyəti, hər iki ölkədə COVID-19 pandemiyası səbəbilə həyata keçirilən vaksinasiya proseslərindən sonra canlı görüşlərin keçirilməsi ilə bağlı razılığa gəlib.