“Ağıllı kənd” təkcə infrastruktur deyil, həm də yeni həyat tərzidir
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsi icra ediləcək. Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına son səfəri zamanı verdiyi bu açıqlama ilə azad olunmuş ərazilərin bərpasına baxış konsepsiyasını ortaya qoymuş oldu. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimiz ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq. Konsepsiyanın özü də belə adlanır - “Ağıllı kənd”.
“Ağıllı kənd” nədir?
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli AZƏRTACA-a açıqlamasında bildirib ki, bütün dünyada “Ağıllı kənd” layihələrinin həyata keçirilməsində əsas məqsəd kəndlərdən şəhərlərə axınının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni, “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur.
“Ağıllı kənd”: əsas komponentlər
Kənd təsərrüfatı naziri İnam Kərimovun Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevə etdiyi təqdimatdan aydın olur ki, “Ağıllı kənd” layihəsinin əsas komponentləri yaşayış sahəsi, sosial xidmət sahəsi, dəyər zənciri və innovasiyalar əsaslı “Ağıllı kənd təsərrüfatı” və alternativ enerjidən istifadədən ibarətdir. Bu barədə danışan Toğrul Qafarbəyli bildirib ki, “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.
“Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı sahə deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formadırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir.
“Ağıllı kənd” sadə fermerə nə verəcək?
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin sözlərinə görə, artıq oxucuda “ağıllı kənd” barədə ilkin təsəvvür var və Prezidentin azad edilmiş ərazilərdə kəndlərin “Ağıllı kənd” konsepsiyası əsasında qurulması təşəbbüsü bu baxımdan müsbət qarşılanır. Bu innovativ təşəbbüslə əlaqədar ortaya çıxan əsas sual budur: Sadə fermer bu layihədən nə əldə edəcək və “Ağıllı kənd” fermerin gəlirlərinə, həyat tərzinə necə müsbət təsir göstərəcək? Cavab aydındır – bu gün bütün dünyada kənd təsərrüfatında artıq əl əməyindən istifadə minimuma enib, aqrar sektorda daha çox yeni texnologiyalardan istifadə olunur. Sahələrin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüterləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur. Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir, texnologiyaların tətbiqi resurslara qənaət etməyə, xərcləri optimallaşdırmağa, gəlirləri artırmağa imkan verir. “Ağıllı kənd” layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin “ağıllı kənd təsərrüfatı” sisteminə inteqrasiyasında mühüm rol oynayacaq.
Yüksək texnologiyalara əsaslanan “Ağıllı kənd” sistemi
“Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir. Toğrul Qafarbəyli bildirib ki, “Ağıllı kənd” həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq.
Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı müsbət nəticələrə gətirib çıxaracaq.