Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırılacaq

2021.02.22 14:50 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, pandemiyanın təsirlərinə baxmayaraq, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub: “Türkiyə 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. 2019-cu ildə ticarət dövriyyəsi 2018-ci il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb: ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malik olub. 2019-cu ildə saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kubmetr mavi qaz nəql etməyi planlaşdırır.

Ölkələrimiz növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Gələn aydan qüvvəyə minəcək Preferensial Ticarət Sazişi çərçivəsinin mərhələli şəkildə genişləndirilməsi, bütövlükdə qarşılıqlı olaraq xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumların sıfıra endirilməsi məqsədəuyğundur. İki qardaş ölkə arasında tam azad xarici ticarət rejiminin formalaşdırılması 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq baxımından da vacibdir”.