Yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 100,4 milyon ABŞ dolları və ya 2020-ci il üzrə ümumi daxili məhsulun (ÜDM) 19 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon dollar və ya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 821,5 milyon dollar (14 milyard 996,5 milyon manat) və ya ÜDM-in 20,7 faizini təşkil edib.
Maliyyə Nazirliyindən bildirilib ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.
Yanvarın 1-nə birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1 milyard 942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil edib.