KOBİA Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığa dair sənədlər imzalayıb

2021.02.19 17:37 (UTC+04:00)

Fevralın 18-də Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda kiçik və orta biznes (KOB) sahəsində əməkdaşlıq məsələlərinə də yer verilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuat Oktayın, eləcə də hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə təşkil olunan biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub.

KOBİA-dan bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışında KOB sahəsində əməkdaşlığın Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin vacib istiqamətlərindən olduğunu, agentliyin KOB-ların dəstəklənməsi və yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində qardaş Türkiyənin zəngin təcrübəsinə daim xüsusi əhəmiyyət verdiyini, bu sahədə Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) və digər aidiyyəti qurumları ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Birgə əməkdaşlıq çərçivəsində görülən tədbirlər barədə məlumat verən KOBİA-nın sədri əməkdaşlıq perspektivlərinə toxunaraq hər iki ölkənin KOB-ları arasında əlaqələrin təşviqi, birgə istehsal müəssisələrinin təşkili, hər iki bazar üçün mal və xidmətlərin təqdim edilməsi, eləcə də nəqliyyat-logistika və əlverişli coğrafi mövqe üstünlüklərimizdən istifadənin təşviqi istiqamətlərində tərəfdaş qurumların birgə səylərini gücləndirməsinin vacibliyini diqqətə çatdırıb.

Biznes forum çərçivəsində KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) və Türk Girişim və İş Dünyası Konfederasiyası (TÜRKONFED) ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.